QIZLARIMIZ AVROPADA RƏQİB TANIMADI
ESTAFET/ Xəbər verdiyimiz kimi karate üzrə milli komandamız 51-ci Avropa çempionatında çıxış etmək üşün Fransanın Monpelye şəhərinə yola düşmüşdü. Bu günkü son müsabiqələr başa çatıb. Yarışlar kata və kumite (həm fərdi, həm komanda) üzrə keçirilir. Çempionatın yekunlarına görə milli komandamızın çıxışını qənaətbəxş saymaq olar.
Belə ki, kişilərdə fərdi kumite yarışlarında yalnız Rafael Ağayev çempion olaraq özünün 10-cu titulunu rəsmiləşdirdi. Rafael çempionluq yolunda ardıcıl olaraq Andorra, Avstriya, Macarıstan və yerli idmançını məğlub edərək finala çıxıb. Burada rəqib qardaş Türkiyə təmsilçisi Erman Eltemur olub. 3:0 hesablı qələbə Rafaelə növbəti çempionluğu gətirib.
Kişilərdə fərdi kata yarışlarındakı təmsilçimiz Roman Heydərov çempionatı bürünc medalla başa vura bilib.
Qızlarımız fərdi yarışlarda uğursuz çıxışlarını komanda yarışında sığortalaya biliblər. Belə ki, fərdi kumitedə heç bir mükafat qazanmayan qızlarımız komanda yarışlarında rəqib tanımayıblar. Nuranə Əiyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət yığmamız Portuqaliya, Rusiya, Finlandiya və Türkiyə komandalarını sıradan çıxararaq finala yüksəliblər. Finalda isə Xorvatiya 9:6 hesablı məğlubiyyətdən qaça bilməyib və qızlarımız Avropa çempionu olublar.