Esra Məmmədli Avropa çempionatının finalında

ESTAFET/ Macarıstanın Kaposvar şəhərində güləş üzrə U-15 Avropa çempionatı start götürüb.

İlk yarış günündə qızlar mübarizəyə başlayıb.

Əfsanə İslamova (39 kq) təsnifat mərhələsində Lara Blazekoviçə "tuş"la məğlub olub.

Nəzrin Əhmədli (42 kq) polşalı Nina Mayşraka 5:4, rumıniyalı Elektra Qarayakuya isə 8:7 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Nəzrin finalın bir addımlığında rusiyalı Yelizaveta Krılovaya "tuş"la uduzub. Əhmədli bürünc medal uğrunda Emine Ayrac (Türkiyə) - Mariya Qkika (Yunanıstan) görüşünün qalibiylə qarşılaşacaq.

Esra Məmmədli (46 kq) xorvatiyalı Ayla Kadriyə və rumıniyalı Orsolya Soverə "tuş"la qalib gəlib. Məmmədli daha sonra rusiyalı Polina Boçkarevanı 3:2 hesabıyla üstələyərək yarımfinala yüksəlib. Esra belaruslu Ella Sudkoya tam üstünlüklə (10:0) qalib gəlib. Məmmədli finalda macarıstanlı Mariya Jitovozla güləşəcək.

Fidan Babayeva (58 kq) təsnifat mərhələsində macarıstanlı Sofi Ritterə müqavimət göstərə bilməyib - 0:10. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz mübarizəni davam etdirmək şansı qazanıb. Babayeva təsəlliverici görüşdə rusiyalı Liliya Yermoxinayla üz-üzə gələcək.

Milana Bağırzadə (62 kq) 1/4 finalda macarıstanlı Reka Bereçkiyə 0:3 hesabıyla uduzub.

Təsəlliverici və medal görüşləri iyulun 7-də keçiriləcək.

Müəllif: Natiq NƏSİROV