"SUMQAYIT"IN BOLU PLANLARI

ESTAFET/ “Sumqayıt” Futbol Klubu 2017/2018-ci illər mövsümü üçün hazırlığını davam etdirir. Hazırlıq prosesinin 2-ci mərhələsini Türkiyənin Bolu bölgəsində keçəcək komanda 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Belə ki, “Sumqayıt” FK ilk olaraq, 17 iyul tarixində Superliqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. Qeyd edək ki, 1978-ci ildə yaradılmış klub 2014-cu ildən “Osmanlıspor” adını daşıyır. 2016/17 mövsümündə UEFA Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Supeliqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pierre Webo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.

 

"Kimyaçılar" növbəti yoxlama oyununu 20 iyul tarixində Səudiyyə Ərəbistanın əsas liqa təmsilçisi “Al-Fateh” komandasına qarşı keçirəcək. 

 

3-cü yoxlama görüşündə Samir Abbasovun yetirmələri 23 iyul tarixində Türkiyə təmsilçisi “Sivasspor”la qarşılaşacaq. 

 

Komanda son yoxlama oyununu 28 iyul tarixində Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taawoun”a qarşı keçirəcək.