ANAMA-nın minatəmizləmə komandaları arasında təşkil olunmuş mini-futbol turnirinin final oyunu keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin minatəmizləmə fəalilyyətinə cəlb olunan sahə əməkdaşları arasında keçirilən mini-futbol turniri başa çatıb.

Agentliyin Cəbrayıl rayonunda yerləşən mobil sahə bazasında keçirilən oyunda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti üzvləri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Sərxan Hacıyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Cahid Mövlayev iştirak edib.

Agentliyin Həmkarlar İttifaqı Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Futbolun İnkişaf Fondunun birgə təşkilati dəstəyi ilə keçirilən turnir çərçivəsində ANAMA əməkdaşlarından ibarət 8 komanda mübarizə aparıb. Turnirin final oyunu Cəbrayıl və Laçın komandaları arasında baş tutub.

Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov qonaqları salamlayaraq, Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş turnirin əhəmiyyətindən söz açıb. O, keçirilən futbol turnirinin işğaldan azad edilmiş ərazilərdə gərgin və bir o qədər də təhlükəli peşəyə sahib olan minaaxtaranların sosial həyatına müsbət təsir qatdığını və bu kimi tədbirlərin işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən digər qurum nümayəndələri ilə birgə təşkil olunmasının əhəmiyyətini qeyd edib.

AFFA-nın baş katibi Sərxan Hacıyev çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətlərini, Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişaf etdirilməsi və kütləviliyinin artırılmasında xüsusi diqqətini vurğulayıb. Agentliyin bu kimi təşəbbüslə çıxış etməsinin, minnaaxtaranların asudə vaxtlarının daha səmərəli və faydalı keçirilməsi üçün futbol oyunlarının təşkil edilməsinin təqdirəlayiq olduğunu bildirib.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA-nın təşəbbüsü ilə həyata keçirilən ilk futbol turnirində Cəbrayıl komandası 5:1 hesablı qalibiyyəti ilə birinci yerə yüksəlib.

Laçın komandası 2-ci, Xocavənd komandası isə 3-cü yerdə qərarlaşıb.

Qalib komandalar Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, İdarə Heyəti üzvləri, AFFA-nın baş katibi Sərxan Hacıyev və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Cahid Mövlayev tərəfindən kubok və medallarla təltif olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV