Əməkdar məşqçi Musa İsmayılovun 65 illik yubileyi tamam olur

Bu gün cüdo üzrə Əməkdar Məşqçi Musa İsmayılovun 65 yaşı tamam olur. Musa İsmayılov 1985-1991-ci illərdə İxtisaslamış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman məktəbində direktor vəzifəsində çalışıb. Tələbələri SSRİ birinciliklərinin, Azərbaycan birinciliklərinin və beynəlxalq yarışların qalibləri və mükafatçıları olublar. 20-dən çox tələbəsi SSRİ idman ustası adına layiq görülüb. 1991-1997-ci illərdə Türkiyənin cüdo üzrə kişilərdən ibarət yığma komandasının baş məşqçisi olaraq çalışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Musa İsmayılova “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.

Hazırda M.İsmayılov Azərbaycan Cüdo Federasiyasının regionlarla iş üzrə məsul əməkdaşı və “Turan” İdman klubunun direktoru kimi fəaliyyət göstərir.

Azərbaycan Cüdo Federasiyası və bütün cüdo ailəsi adından Musa müəllimi 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür və can sağlığı arzu edirik!

Müəllif: Natiq NƏSİROV