Nicat Abasov: "Giri asanlıqla məğlub olan şahmatçı deyil"

Şahmat üzrə Dünya Kubokunda 116 finala vəsiqə qazanan Nicat Abasov turnirin rəsmi saytına açıqlamasında təəssüratlarını bildirib. Şahmatçı Niderland təmsilçisi Aniş Giri üzərində qələbənin ona böyük inam verdiyini söyləyib:  “Tay-brekin ilk oyununda açılışdan yaxşı mövqe almışdım. Amma zaman azlığı oyunu uduzmağıma səbəb oldu. Bundan sonra növbəti oyunda mütləq qalib gəlməliydim. Aniş Giri də asanlıqla məğlub olan şahmatçı deyil. İkinci oyuna yeni ideya ilə başladım. Şah cinahında hücuma keçdim və düzgün gedişlərlə rəqibi məğlub edə bildim. Bu mənə böyük inam verdi. Əlbəttə əksəriyyət bizim dueldə haqlı olaraq Girini favorit görürdü. Amma tay-brekdə favorit olmur. Burada şanslar bərabər qiymətləndirilir.

Blitsdə ardıcıl heç-heçələrimiz oldu. Son oyunda isə qələbə qazanmağı bacardım. Rəqibin vaxtı azaldıqca inamım artırdı. Rəqibin vaxt azlığı ona problemlər yaratdı. Mən qalib gələrək növbəti mərhələyə adladım”.

Nicat Abasov 116 finaldakı rəqibi FIDE adından çıxış edən Pyotr Svidlerə qarşı mübarizəsi barədə qısa danışıb: “Svidler böyük təcrübəyə malik rəqibdir. Heç vaxt qarşılaşmamışıq. Giri üzərində qələbə mənə böyük inam verdi. Növbəti mərhələdə də yaxşı oynamağa çalışacam”.

Azərbaycan şahmatçısı məşqçi kimi dəstək olduğu Abdulla Qədimbəylinin ABŞ təmsilçisi Rey Robsona məğlubiyyətini riskli addımın nəticəsi adlandırıb: “Abdulla ilə oyundan əvvəl müəyyən müzakirələr oldu. İlk partiyada heç-heçədən sonra cavab görüşündə də ehtiyatlı oynamağının tərəfdarı idim. Risksiz mübarizə təklif etdim. Onun tay-brekdə məsələni həll etməsini daha düzgün sayırdım. Abdulla fərqli qərar qəbul etdi. Bu dəfə alınmadı, növbəti dəfə daha uğurlu olar”.

Qeyd edək ki, Dünya Kubokunda 116 final partiyaları avqustun 9-u və 10-da oynanılacaq.

Müəllif: Natiq NƏSİROV