Çimərlik voleybolu üzrə komandamız beynəlxalq turnirdə 1/8 finala yüksəlib

Çimərlik voleybolçularımız Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA ) U-18 çempionatında mübarizəni davam etdirirlər. Riqa şəhərində təşkil olunan çempionatda ölkəmizi təmsil edən Muhamməd Aslanlı-Nəriman Bayramlı qrup mərhələsində iki oyun keçirib. Bir qarşılaşmada qələbə qazanan, digərində isə məğlub olan komandamız növbəti mərhələyə adlayıb. Burada isə voleybolçularımızın rəqibi Polşanı təmsil edən Jakub Zdrojevski-Michal Kuçarski cütü olub. Görüşdə 2:0 (21:15, 22:20) hesabı ilə qələbə qazanan Muhamməd Aslanlı-Nəriman Bayramlı 1/8 finala yüksəliblər. Sabah baş tutacaq bu oyunda komandamızın rəqibi Litva təmsilçisi olacaq.

Qeyd edək ki, digər təmsilçilərimiz Oqtay Qasımov-Camal Cəlilov qrup mərhələsində mübarizəni dayandırıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV