Kişilər arasında ACF turunun üçüncü yarışı keçiriləcək

11 avqustda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun üçüncü turniri keçiriləcək. Yarışda 48 klub, cəmiyyət və idman təşkilatından olan 200-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Qeyd edək ki, bu yarış il ərzində keçirilən kişilər arasında ACF turunun sonuncu yarışıdır. Bu yarışlar nəticəsində formalaşan reytinq siyahısında ilk yeri tutan idmançılar 22-24 sentyabrda keçiriləcək Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanacaqlar.

Yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasına nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Müəllif: Natiq NƏSİROV