Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü dünya çempionatının açılış mərasimi keçirilib

"Baku Crystal Hall"da təşkil olunan açılış mərasimində əvvəlcə iştirakçı ölkələrin bayraqları nümayiş olunub. Ardınca Azərbaycan mədəniyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilib və Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Azərbaycanda ilk dəfə atıcılıq üzrə dünya çempionatının məhz Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz ildə keçirilməsi təsadüfi deyil. Ümummilli Lider daim idmana xüsusi diqqət ayırıb və idmançılara dəstəyini əsirgəməyib. Azərbaycan irimiqyaslı tədbirləri, yarışları keçirməkdə böyük təcrübəyə malikdir. Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlar, müxtəlif dövlət qurumlarının, federasiyaların birgə işi nəticəsində Azərbaycan idman sahəsində yüksək nəticələr əldə etməkdədir. Nazir çıxışının sonunda bütün idmançılara uğurlar arzulayıb.

Mərasimdə çıxış edən ISSF prezidenti Luçiano Rossi Bakının bir sıra beynəlxalq yarışlara ev sahibliyi etdiyini vurğulayıb: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda keçirilən Avropa Oyunlarından sonra Bakı bir sıra dünya səviyyəli yarışlara ev sahibliyi edir. Həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da öz minnətdarlığımızı bildiririk ki, Azərbaycanda müxtəlif idman növlərinin inkişafına böyük töhfə verir".

Sonra idmançılar, məşqçilər və hakimlərin andiçmə mərasimi baş tutub. Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, sentyabrın 1-dək davam edəcək dünya çempionatında 101 ölkədən 1239 idmançı iştirak edəcək. Azərbaycan yarışda 31 idmançı ilə təmsil olunacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV