İSSF rəsmisi: "Azərbaycan hər zaman möhtəşəm evsahibliyi ilə diqqət çəkib"

İSSF-in stend atıcılığı üzrə texniki nümayəndəsi Abdullah Əli Əl Motava Əl-Hammadi yarışla bağlı təəssüratlarını bölüşüb.

Qurumun Qətərdən olan rəsmisi təşkilatçılıqla bağlı yüksək fikirlər səsləndirib:

“Bura mənim üçün çox doğmadır. Azərbaycana İslam Həmrəyliyi Oyunlarında, həmçinin, ötən il dünya kubokunda gəlmişdim. Azərbaycan hər zaman möhtəşəm evsahibliyi ilə diqqət çəkib. Bu dəfə də həmçinin. Açılış mərasimindəki gözəlliyi hər kəs gördü. Atıcıların rahat hazırlaşması və atəş açması üçün hər cür şərait yaradılıb. Mükafatlandırma mərasimi də qonaqların ürəyincə təşkil olunur. 100-dən çox ölkədən 1200-dən çox atıcı cəlb olunub ki, bu da dünya çempionatının möhtəşəmliyindən xəbər verir.

Əl-Hammadi dünya çempionatındakı uğurlu çıxışla “Paris-2024” Olimpiya Yay Oyunlarına lisenziya qazanmaq istəyən azərbaycanlı atletlərlə bağlı bunları deyib:

“Azərbaycanlı kişi və qadım atıcıların yüksək səviyyədə olduğunu və yüksələn xətt üzrə inkişaf etdiklərini bilirəm. Hazırda dünya çempionatında elit idmançılar çıxış edir. Adından da göründüyü kimi, dünyanın ən güclü atletləri burada cəmlənib. Dünya çempionatı yerli atıcılar üçün yaxşı təcrübədir. Ümid edirəm ki, növbəti yarışlarda medal sıralamalarında Azərbaycandan olan atıcıların da adlarını görəcəyik”.

Müəllif: Bəhruz MƏMMƏDOV