Bakıda Şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi olub, qaliblər mükafatlandırılıb

Bakıda Şahmat üzrə Dünya Kubokunun bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, şahmatçılar və digər qonaqlar iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himni və FIDE-nin rəsmi himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra monitorda yarışa həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ardınca rəsmi qonaqlar çıxış ediblər. Əvvəlcə söz gənclər və idman naziri Fərid Qayıbova verilib. Hər kəsi salamlayan nazir Dünya Kubokunun yüksək səviyyədə təşkil olunduğunu bildirib. Nicat Abasovun öz nəticələri ilə azarkeşlərimizi sevindirdiyini vurğulayan Fərid Qayıbov yarışa böyük maraq olduğunu əlavə edib. Fərid Qayıbov mükafatçıları Bakıda qazandıqları uğur münasibətilə təbrik edib. O, belə mötəbər yarışı Azərbaycana həvalə etdiyi üçün FIDE rəhbərliyinə minnətdarlığını bildirib. Fərid Qayıbov yarışın yüksək səviyyədə təşkilinə görə Mahir Məmmədova, həmçinin Dünya Kubokunu işıqlandıran media nümayəndələrinə təşəkkür edib.

Tədbirdə çıxış edən Mahir Məmmədov Bakıda keçirilən Dünya Kubokunun unudulmaz mübarizə ilə yadda qaldığını bildirib. Yarışa böyük tamaşaçı marağının olduğunu deyən federasiya prezidenti Nicat Abasovun uğurlu çıxışını xüsusi vurğulayıb. Mahir Məmmədov Arkadi Dvorkoviç və komandasına, Gənclər və İdman Nazirliyinə, eləcə də azarkeşlərə təşəkkür edib. O qeyd edib ki, şahmatın inkişafı üçün gələcəkdə də bu təşkilatlarla əməkdaşlıq davam etdiriləcək. FIDE-nin vitse-prezidenti Dünya Kubokunun qalibi Maqnus Karlseni tarixi qələbə münasibətilə təbrik edib. O, İddiaçılar Turnirində çıxış edəcək şahmatçılara uğurlar arzulayıb.

Sonra səhnəyə FIDE prezidenti Arkadi Dvorkoviç dəvət olunub. Funksioner yarışın ərsəyə gəlməsində rolu olan hər kəsə, xüsusilə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O deyib ki, Dünya Kubokunun Bakıda keçirilməsi gələcəkdə ölkədə şahmatın daha da inkişafına təkan verəcək. Arkadi Dvorkoviç Azərbaycan paytaxtında əsl şahmat şousunun gerçəkləşdiyini vurğulayıb. O, hər kəsin Bakıdakı yarışdan xoş təəssüratlarla ayrıldığını söyləyib.

Ardınca qaliblərə mükafatlar təqdim olunub. ABŞ təmsilçisi Fabiano Karuanaya bürünc, hindistanlı Rameşbabu Praqqnanandxa gümüş, norveçli Maqnus Karlsenə isə qızıl medal və Dünya Kuboku verilib. Mükafatları Mədət Quliyev, Mahir Məmmədov, Arkadi Dvorkoviç və Fərid Qayıbov təqdim ediblər. Dördüncü yeri tutan Nicat Abasov isə xüsusi mükafata layiq görülüb.

Daha sonra qalib şahmatçı Karlsenin şərəfinə Norveçin Dövlət Himni səsləndirilib.

Sonda Arkadi Dvorkoviç şahmat üzrə Dünya Kubokunu rəsmən bağlı elan edib.

Müəllif: Natiq NƏSİROV