Masiey Kovaleviç: "Atışın növü və məsafəsi mənim üçün elə də əhəmiyyət kəsb etmir"

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı bu gün gərgin mübarizələr, bərabər xallar və bol medallarla yadda qalıb.

Kişilər arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəş açma növündə qalib adını 587 xalla Polşanı təmsil edən Masiey Kovaleviç qazanıb. İkiinci yerə 586 xalla digər Polşa idmançısı Tomaş Bartnik yiyələnib. Bürünc medal Tomaşla eyni sayda xal toplayan isveçrəli Paskal Baxmanna qismət olub.

Komanda növündə İsveçrə birinci, Avstriya ikinci, Norveç üçüncü olub.

Masiey Kovaleviç mükafatlandırma mərasimindən sonra uğurunu şərh edib:

“Yarışla bağlı təəssüratlarım yüksəkdir. Bakı mənim üçün heç də yad şəhər deyil. Əvvəllər də bura gəlmişəm. Çox sevinirəm ki, paytaxtınızda qızıl medal qazandım. Bu, heç də asan olmadı. Amma öhdəsindən gələ bildik. Polşanın hərbi tüfəng komandasının da üzvüyəm. Ona görə atəş açmağı çox sevirəm. Atışın növü və məsafəsi mənim üçün elə də əhəmiyyət kəsb etmir. 300 metr məsafədən atəş açma yarışlarını çox sevirəm. Bununla belə, digər növlərdə də yarışıram”.

Müəllif: Bəhruz MƏMMƏDOV