Emin Cəfərov: "Azərbaycan bütün dünyaya göstərdi ki, mundial necə keçirtmək lazımdır"

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov mundialla bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüb.
“Yarışın təşkilatçılığı ilə bağlı Beynəlxalq Atıcılıq Federasiyasının baş katibi Villi Qrillin sözlərini eşitdiniz. Qeyd elədi ki, dünya çempionatını bundan əvvəl heç bir ölkə belə yüksək səviyyədə keçirməyib. Azərbaycan bütün dünyaya göstərdi ki, mundial necə keçirtmək lazımdır. Atıcılıq olimpiya idman növlərindən biridir. Burdakı yarışlar da digər idman növlərindəki kimi maraqlı olmalıdır. Biz də qeyd edə bilərik ki, yarış həqiqətən də yüksək səviyyədə keçirildi.
Emin Cəfərov dünya çempionatında çıxış edən Azərbaycan milli komandasının çıxışına da toxunub.
“Komandamız bu yarışda 3 medal qazanıb. Nəzərə alsaq ki, biz sonuncu qızıl medalımızı 2001-ci ildə qazanmışdıq. Eyni zamanda bir dünya çempionatında 3 medal olmayıb. Ən yaxşı halda 2 medal olub. Bu yarışda isə 3 medal qazandıq. Cənubi Koreyada gənclər arasında keçirilən dünya çempionatında da 2 medal qazanmışdıq. Bu artıq il ərzində dünya çempionatlarında 5 medalın qazanılması deməkdir. Bu irəliləyişin göstəricisidir. Komandamız gəncləşib və artıq gənc idmançılarımız medallar uğrunda mübarizə aparmağa başlayıblar. Bu dünya çempionatındakı nəticəni süpriz hesab etmək olmaz. Digər növlərdə çıxış edən idmançılarımız da yaxşı nəticə göstərə bilərdilər. Bu, bir az psixoji idman növüdür. Çıxışları tam istədikləri kimi olmadı, amma ümumi nəticədən razıyıq”.
Qeyd edək ki, 17 gün davam edən dünya çempionatında nəzərdə tutulduğundan daha çox, 64 dəst medal qazanılıb. Yarışda ən çox medal sahibi Çin, ən çox qızıl medal sahibi isə Çin, Ukrayna və Hindistan komandaları olub.
