At polosu üzrə millimiz qrupda 1-ci yeri təmin edib

ESTAFET/ 4 sentyabr 2023-cü il tarixdə Almaniyanın Düseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatının ikinci qrup oyunları keçirilib.

Elçin Camallı, Tərlan Qurbanəliyev, Joaqin Kopello və Andres Ernesto Lorentolu millimiz bu dəfə son Avropa Çempionu - İtaliyanı 6:1 hesabı ilə darmadağın edib. Çempionatın ən yaxşı oyunçusu hesab olunan komandamızın kapitanı Elçin Camallı bu dəfə 4 qolu öz aktivinə yazdırdı. 

Xatırlatmaq lazımdır ki, 2018-ci ildə İtaliyanın Siena şəhərində keçirilən Avropa Çempionatında Azərbaycan millisi keçirdiyi bütün oyunlarda böyük hesabla qələbə qazanmasına baxmayaraq, final oyununda ev sahibləri italyanlara 8-4 hesabı ilə məğlub olaraq qızıl medaldan məhrum olmuşdu. Həmin çempionatı 2-ciliklə bitirən millimiz üçün bugünkü qarşılaşma revanş almaq üçün gözəl imkan idi və idmançılarımız bu imkandan məharətlə istifadə etdilər.

Beləliklə qrup mərhələsinin son turunda İsveçrə ilə oyununun nəticəsindən asılı olmayaraq millimiz artıq yarımfinalda oynamaq haqqını qazanıb, eləcə də qrupda 1-ci yeri artıq təmin edib. 

Zona "B" qrupu oyunları 5 sentyabr tarixində keçiriləcəkdir. 6 sentyabr səhər saat 10:30-da Azərbaycan və İsveçrə millilərinin oyunu baş tutacaqdır.

Müəllif: Bəhruz MƏMMƏDOV