VELOSİPEDÇİLƏRİMİZ DƏ FESTİVALDA ÇIXIŞLARINI BAŞA VURDULAR

ESTAFET/ Macarıstanın Gyor şəhərində keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında velosiped idmanı üzrə mübarizəyə yekun vurulub. Festivalda Azərbaycan 2 oğlan və 3 qız velosipedçimiz iştirak edib.

44 km məsafəyə qrup ötüşməsində iştirak edən qızlarımız içərisində ən yüksək nəticəyə Elfanə Camalova imza atıb – o qalibdən cəmi 27 saniyə geri qalıb. Təəssüf ki, havanın yağışlı olması səbəbindən yarış zamanı kifayət qədər toqquşmalar baş verib və liderlər qrupunda olan digər 2 idmançımız Validə Cabbarova ilə Ayan Xankişiyeva qəzadan qaça bilməyib. Zədələnmələrinə və kifayət qədər vaxt itirmələrinə baxmayaraq hər 2 velosipedçimiz mübarizəni sonadək davam etdirərək finiş xəttinini pelotonda keçə biliblər.

Anoloji hadisə oğlanların 72 km məsafəyə yarışında da baş verib – burada toqquşma zamanı yıxılmaqla kifayət qədər vaxt itirən, amma buna rəğmən məsafəni başa vurmağı bacaran Qadir Mustafayev olub. Digər idmançımız Nəcəf Bağırov isə yarışı 30-cu pillədə bitirib.