Luçiana Rossi: "Azərbaycan Atıcılıq Federasiyasının möhtəşəm təşkilatçılıq qabiliyyəti var"

“Azərbaycanın Atıcılıq Mərkəzi çox gözəldir. Nəinki Avropada, hətta dünyada ən yaxşılardan biri sayılır”.

Bu sözləri Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Prezidenti Luçiano Rossi Bakıda keçirilən Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gələn il üçün də Azərbaycanda xüsusi tədbirlərin keçirilməsi ilə bağlı hazırlıqlar gedir: "Daha çox məşq proseslərinə üstünlük verməyi düşünürük. Olimpiya Oyunlarının qaliblərini buraya yığıb dünya çempionatı kimi bir turnir təşkil etmək fikrimiz var. Çünki Azərbaycanın möhtəşəm təşkilatçılıq qabiliyyəti var”.

ISSF prezidenti Bakı Atıcılıq Mərkəzinin nəinki Avropada, dünyada ən yaxşılardan biri hesab olunduğunu vurğulayıb: "Təkcə dünya çempionatını deyil, Avropa birinciliyinin da burada keçirilməsi çox yaxşı olardı. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Ölkənizdə atıcılığın inkişafı üçün böyük addımlar atılıb. Azərbaycan Atıcılıq Federasiyasının prezidenti ilə də görüşümüz olub. Mən də öz töhfəmi verməyə hazıram. Biz birlikdə əməkdaşlıq edirik. Həm mədəni, həm də texniki inkişaf üzrə işlər görür, yeni layihələr üzərində çalışırıq. Bununla da Azərbaycanın beynəlxalq yarışlarda daha yüksək nəticələr əldə etməyini təmin edə biləcəyik".

L. Rossinin sözlərinə görə, dünya çempionatı zamanı hər kəs Azərbaycanın qonaqpərvərliyi, mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olub: "Belə möhtəşəm yarışın təşkili hər birimizdə müsbət emosiyaların yaranmasına səbəb oldu. Bu, digər ölkələr üçün çox yaxşı nümunədir. İnanıram ki, Azərbaycan yenə belə maraqlı tədbirlərə ev sahibliyi edəcək".

(azertag)

Müəllif: Bəhruz MƏMMƏDOV