TAEKVONDOÇULARIMIZIN RƏQİBLƏRİ MÜƏYYƏNLƏŞDİ
ESTAFET/ Xəbər verdiyimiz kimi, Taekvondo üzrə Qran-Pri seriyasına start verilir. İlk olaraq Moskva (Rusiya) Qran Prisi sabahdan etibarən başlayacaq və 3 gün davam edəcək. Daha sonra ardıcıl olaraq Rabat (Mərakeş), London (Böyük Britanıya) şəhərlərində, final mərhələsi isə Fildişi Sahilinin de-fakto paytaxtı olan Abicanda təşkil ediləcək.
G4 kateqoriyalı beynəlxalq yarışda böyüklərdən ibarət milli yığma komandamız bu dəfə 5 taekvondoçu ilə təmsil olunacaq. Təlim-məşqləri başa vuran komandamız artıq Moskva şəhərindədir. Yarışda kişilərdən 58 kq çəki dərəcəsində Qaşım Maqomedov, Məhəmməd Məmmədov və Ayxan Tağızadə (hər ikisi 68 kq), Ramin Əzizov (+80 kq) qadınlardan isə Fəridə Əzizova (67 kq) mübarizə aparacaq.
Artıq sabah dayanq üzərinə çıxacaq iki taekvondoçumuzun - Fəridə Əzizova (67 kq) və Ramin Əzizovun rəqibləri müəyyənləşib. Belə ki, mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq Fəridə burada So Yonq Seo (Koreya) və Rabia Guleç (Almaniya) duelinin qalibi ilə qarşılaşacaq. Ramin isə 1/16 final mərhələsində türk taekvondoçu Serdar Yüksellə qarşılaşacaq. Qalib gələcəyi təqdirdə Ramin 1/8 finalda Entoni Obame (Qabon) ilə döyüşəcək.
Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq.