VELOSİPEDÇİLƏRİMİZ AVROPADAN NƏTİCƏSİZ QAYIDIR

ESTAFET/ Danimarkanın Herninq şəhərində velosiped idmanının şosse növü üzrə Avropa çempionatı başa çatmaq üzrədir. Gənclər, U-23 və Elit kateqoriyası üzrə təşkil olunan yarışda 5 idmançımız mübarizə aparıb.

Avropa çempionatı davam edən günlərdə Danimarkada müşahidə olunan yağışlı hava şəraiti yarışın gedişinə təsirsiz ötüşməyib - 152 gənc velosipedçidən yalnız 117-si məsafəni başa vurmağı bacarıb. Yığma üzvlərimizə gəlincə, finişə 25 km qalmış İvan Orlov təkər deşilməsi, 8 km qalmış isə Mikayıl Səfərli toqquşma nəticəsində vaxt itkisinə məruz qalıb və əsas pelotondan aralı düşüb. Buna rəğmən, velosipedçilərimiz 120,6 km məsafəni başa vurmağı bacarıblar.

157 velosipedçinin starta çıxdığı U-23 yaş kateqoriyasında 160,8 km məsafəyə mübarizə zamanı da eyni hadisələr yaşanıb – Kənan Qəhrəmanlı və daha 20 iştirakçı qəza səbəbindən yarışı başa vura bilməyibsə, finişə 300 metr qalmış növbəti qəza Elgün Əlizadənin qiymətli saniyələr itirməsi ilə nəticələnib. Belə ki, Elgün çempiona 11 saniyə uduzmaqla 69-cu olub.

Qadın velosipedçimiz Yelena Pavluxinaya gəlincə, o fərdi ötüşmədə 15-ci, 120,6 km məsafyə qrup ötüşməsində isə çempion olmuş hollandiyalı idmançıdan 18 saniyə geri qalmaqla 97 nəfər arasında 35-ci nəticə göstərib.