Spartakiadada komanda hesabında ikinci yer

Metropoliten əməkdaşlarının növbəti uğuru

“Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyi Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müəssisə və təşkilatlar arasında Respublika Spartakiadası keçirib.

Xidmət sahələrində çalışan əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, kollektivlərarası münasibətlərin formalaşması və əlaqələrin genişləndirilməsi, kütləvilik və fiziki sağlamlığın təbliği, əməyin stimullaşdırılması baxımından ənənəvi olaraq təşkil edilən yarışda Bakı metropoliteninin komandaları növbəti dəfə uğurla iştirak ediblər.

Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşkilatçılığı ilə müəssisənin əməkdaşları qatıldığı çoxnövlü yarışlarda futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, şahmat, dama, üzgüçülük (kişilər, 50 metr, sərbəst, estafet) və nərd komanda yarışlarında fərqləniblər. Stolüstü tennis, kəndirdartma, dama və nərd ustaları rəqiblərini qabaqlayaraq çempion adını qazanıblar. Futbol, voleybol və daşqaldırma kollektivləri finalda məğlub olaraq ikinci yeri tutublar. Şahmatçılar və kişi üzgüçülər 3-cü olublar. Qadınların sərbəst üsulla 25 metrə fərdi üzgüçülük yarışında isə İşarəvermə və rabitə xidmətinin elektrik mexaniki Yana Medovşikova 2-ci yeri tutub.

Ənənəvi olaraq bu yarışlarda iştirak edən və daim fəxri kürsüdə yer alan “Bakı Metropoliteni” QSC-nin kollektivi yekun sıralamada komanda hesabında 2-ci yerə çıxıb.

Onu da vurğulayaq ki, müəssisənin kollektivi son 5 ildə 2 dəfə komanda hesabında qalib gəlib.

Müəllif: Bəhruz MƏMMƏDOV