AŞF 2023-cü ilin yekunlarını açıqladı

ESTAFET/ Azərbaycan Şahmat Federasiyası 2023-cü ilin yekunlarına həsr olunan tədbir keçirib. 

Tədbirin əvvəlində şahmatçıların cari ildə qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub. Mərasimdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov şahmata göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də Gənclər və İdman Nazirliyinə təşəkkür edib. O, 2023-cü ilin federasiya üçün olduqca məhsuldar keçdiyini vurğulayıb. 

Gənclər və idman naziri Fərid Qayıbov ölkədə keçirilən şahmat tədbirlərinin Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı ilə əlaqəli olduğunu vurğulayıb. Nazir uğurlarla zəngin bir ili geridə qoyan şahmatın Azərbaycanda bu dərəcədə populyar olması və sevilməsinin qürurverici hal olduğunu söyləyib. F.Qayıbov Bakıda baş tutan şahmat üzrə Dünya Kubokunun yüksək səviyyədə keçirildiyini bildirib. 

Daha sonra Azərbaycan şahmatçıları Günay Məmmədzadə ilə Nicat Abasov ölkə və federasiya rəhbərliyinə idmançılara yaradılan şəraitə görə minnətdarlığını bildirib. 

AŞF-nin vitse-prezidenti Faiq Həsənov çıxışında şahmatçılara növbəti ildə də uğurlar arzulayıb: “Azərbaycan şahmat ölkəsinə çevrilib. 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev regionlarımızda şahmat məktəblərinin əsasını qoyduğu gündən elə bir rayonumuz yoxdur ki, oradan yaxşı şahmatçı çıxmasın. Həmçinin cənab Prezident İlham Əliyevin şahmata göstərdiyi diqqət və qayğını idmançılarımız çox yaxşı şəkildə hiss edir. Uzun zamandır ki, Azərbaycan şahmatında belə canlanma görməmişdim”.

Ardınca Azərbaycan şahmatçıları Səadət Bəşirli, Xəzər Babazadə, Read Səmədov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, Xaqan Əhməd, Rüstəm Rüstəmov, Ayan Allahverdiyeva, Məhəmməd Muradlı və onların məşqçiləri səhnəyə dəvət olunaraq mükafatlandırılıblar. 

Sonda gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatında gümüş medal qazanan milli komandanın üzvləri Gövhər Beydullayeva, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Xanım Balacayevaya təşəkkürnamələri təqdim edib.

Müəllif: Natiq NƏSİROV