Futbol veteranları AMİU-nun qonağı olublar

ESTAFET/ Azərbaycan Memarlıq və İnşaat Universitetində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş müəllim və işçilər arasında futzal turniri keçirilib. Universitetin Həmkarlar İttifaqı Komitəsinin(HİK) və İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatlandırma mərasimi keçirilib. 

Mərasimdə Azərbaycanın Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, "Neftçi" Klubunun veteranları Asif Əliyev, Novruz Əzimov, Milli komandanın sabiq kapitanı Tərlan Əhmədov, Milli komandanın sabiq qapıçısı Nadir Şükürov və digərləri fəxri qonaq qismində iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev tədbir iştirakçılarını salamladıqdan sonra yarış haqqında fikir bildirib. O, bildirib ki, bu il Universitetdə keçirilən bütün idman tədbirləri Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində həyata keçirilib. Orxan müəllim dünya azərbaycanlılarının bir araya gəlməsində və həmrəylik nümayiş etdirməsində Heydər Əliyev siyasətini xüsusi qeyd edib. Prorektor bir daha tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

Daha sonra HİK sədri Surxay Əliyev çıxış edərək qarşıdan gələn yeni il və Həmrəylik Günü münasibətilə hamını təbrik edib. O, Universitetin işçi və müəllim heyətinin qısa müddətdə futzal yarışlarındakı fəallıqlarını dilə gətirib. Futbol veteranları da öz ürək sözlərini dilə gətirib və mərasimə dəvət olunduqları üçün Universitet rəhbərliyinə təşəkkür ediblər. Oqtay Abdullayev gələcəkdə Universitetin müəllimlərdən ibarət yığma komandası ilə Azərbaycan futbol veteranlarının komandasının görüşünün keçirilməsini arzulayıb. Sonda turnirdə yer tutmuş komandalar mükafatlanıblar. 

Qeyd edək ki, futbol veteranları Azərbaycan Memarlıq və İnşaat Universitetinin İdman Kompleksində yaradılan şəraitlə tanış olublar.

Müəllif: Orxan NOVRUZOV