"MƏN ŞİRƏM, SİZ İSƏ ÇAQQAL" - YAŞAR MƏMMƏDOV

ESTAFET/ Məlum olduğu kimi, Azərbaycan Qılıncoynatma Federasiyasında Hesabat-Seçki Konfransı keçirilib. Konfransın nəticəsinə əsasən Nazim İbrahimov daha 4 illiyə prezident seçilib. Vitse-prezident Yaşar Məmmədovun yerinə Ramin Məmmədov, baş katib Məryəm Bağbanlının yerinə isə Asəf Məlikov təyin olunub.

 

Qılıncoynatma idmanı üzrə əməkdar məşqçi, "Şöhrət" ordenli Yaşar Məmmədov baş verənlərlə bağlı geniş müsahibə verib. Müsahibəni təqdim edirik.

 

Sizin 17 avqustda federasiyanın Hesabat-Seçki Konfransı olacağından xəbəriniz vardı?

Əvvəl 11 apreldə olmalı idi. Sonra 18, 25 aprel, 2, 19 may, 10 iyuna konfrans salındı. Federasiya prezidenti Nazim İbrahimovdan soruşurdum ki, hər dəfə vaxtı niyə belə uzadırsan?! Mənə deyirdi ki, istəyirəm, işçilərə bir az pul verim, sonra konfransı keçirim. Yoxsa onun növbəti dəfə prezident olmasına səs verməzdilər axı. Belə-belə vaxtı uzatdı. Axırda mən avqustun 1-də zalı bağlamalı oldum. Bunu saytınız ilk olaraq yazmışdı. Mən 26 ay işçilərə öz cibimdən pul vermişdim, daha pulum yoxdur deyə bu addımı atmışdım. Mühasibatlığı, katibəliyi bağladım, yalnız xadimənin puluna dəymədim. Ayda 150 manat ona pul verirdim. Sonra Nazim zəng etdi mənə. Dedi ki, Yaşar müəllim bizim şəklimizi sayta qoyublar və yazıblar ki, 26 aydır, maaş vermirəm. Mətbuat katibim sənə zəng vuracaq, xahiş edirəm, ona denən ki, zalı açırıq, pul problemi aradan qalxıb və s. Mən də hərif kimi buna inandım. Mətbuat katibi mənə uzun məktub göndərdi ki, imzalayım. Açığı, məktubu tam oxumadım, imzaladım. Ancaq orda yazılmışdı ki, guya hər şey qaydasındadır və bu məktubu press-reliz kimi mətbuata ötürəcəkdilər. Ayın 7-də iclasımız oldu. Asəf Məlikov qalxdı ki, bu zalın üzərinə sizin adınız veriləcək. Dedim, hələ mən ölməmişəm axı. Asəf dedi ki, yox, gərək diriyə sağlığında qiymət verək. Sən demə, bunları məni çıxartmaq üçün zala adımı verirmişlər...

Bu həmin Asəf Məlikovdur ki, 16 aydır Nazim İbrahimov maaş verməyəndə sosial şəbəkədə bu barədə şəkil də yerləşdirmişdi. Onda mən xaricdə idim. Mənim xəbərim olmadan mətbuata xəbərlər ötürmüşdü. Səhərdən-axşamacan ondan-bundan yazır. İndi isə bu 2 düşmənlər mənim əleyhimə birləşiblər. Deyir, düşmənimin düşməni mənim dostumdur. Bunlar da belə birləşiblər. İndi Asəf baş katib qoyulub.

Nazim İbrahimov o iclasda məndən soruşdu ki, 4 nəfər məşqçi var ki, onların tələbələri yoxdur. Onlara niyə pul verilməlidir? Həmin məşqçiləri çıxart! Bunların hamısını edən isə orda biri var - Ramin Məmmədov. Sən demə, bu əvvəldən hamını çağırıb mənə qarşı söhbət aparıb.

 

Ramin Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsində Nazim İbrahimovun müavini deyil?

Bəli. O hələ 2010-cu ildə federasiyada baş katib olub. 2014-cü ildə onu iti qovan kimi federasiyadan qovmuşam. 10 ildir Nazim İbrahimov qılıncoynatma idmanının evini yıxıb.

 

Bizə bir şey maraqlıdır. Bu konfrans olanda sizə vitse-prezident kimi dəvət gəlmədi?

Yox. Hətta ayın 10-da Nazim mənə zəng vurmuşdu ki, hər şey yaxşı olacaq, darıxma, məzuniyyətdən qayıdım, sentyabrda yığışarıq. O, maaş verməməkdən ötrü belə etdi. Çünki mənim maaşım 3 min manat idi. Asəfinki 200. Təbii ki, ona az maaş vermək sərf edir...

 

İslam Rəhimov, Elxan Əhmədov və Sudeyif Quliyev federasiyanın nəzarət-təftiş komissiyasına üzv seçiliblər. Bu adamlar kimlərdir?

Bax Nazimin öncəki iclasda adını çəkdiyi məşqçilərdən biri İslamdır. Tələbəsi yoxdur deyə, məndən onu çıxartmağımı istəmişdi. Çıxart deyir, sonra onları mənə əks olsun deyə komissiyaya üzv qoyur. Bunun hamısı Raminin işləridir. Ramin arxada, sakit iş görür. Maaşları da azaltmağımı istəmişdilər. Mən də yanvar ayından etibarən maaşları 16 mindən 12500-ə endirdim. İslamı deyəsən, baş məşqçi olmağa söz verib. Elxan da məşqçidir. Onun həyat yoldaşı Odeliya mənim katibəm olub. Ona dedim ki, deyirsən, yoldaşının mənə uzaq qohumluğu çatır, amma arxamca iş görür. Deməli, ayın 7-dəki iclasdan sonra yalandan protokol tərtib olunmuşdu. Guya Nazim İbrahimov çıxış edib, katib kimi də bu Elxan Əhmədov göstərilmişdi. Deməli, sonradan ona nəsə boyun olublar, qol çəkib. Yoldaşı da protokolda onun imzasının olduğunu təsdiqlədi. Sudeyif də normal məşqçidir. Zəng etmişəm, deyir ki, mən Nazim İbrahimovun əleyhinə əl qaldırmışdım, heç mənimkini sayan olmadı (gülür). Siz indi deyirsiniz ki, Sudeyif də seçilib. Deməli, o da mənə arxasını göstərib.

 

Yığmanın baş məşqçisi Fikrət Vəliyev niyə istefa verib?

O hələ avqustun 7-dəki iclasdan sonra istefa verib. Bu Hesabat-Seçki Konfransı haqda mənə, Fikrətə və "Neftçi" İdman Klubundan Rövşən Məmmədova deməyiblər. Digərlərinə isə söz verilib ki, sizə köpüyünə kimi maaşlarınız veriləcək, burda iştirak edib, səs verin. Sudeyif Quliyev də şpaqada baş məşqçidir. Azı maaşı 250 manatdır. 26 ayın borcuna görə 6500 manat ala bilər. Yəqin ona görə də o da fikirləşib ki, Yaşarın arxasınca niyə gedim ki?! Baş katib Məryəm Bağbanlını da çıxarıblar. Şəkildə ortada dayanıb. Daha doğrusu, onu çıxarmayıblar, özü gedib. Həmin iclasda o deyib ki, utanmırsız, qılıncoynatmanın inkişafından danışırsınız, amma ortada heç nə yoxdur. Bunlar da veclərinə almayıb təbii ki. Məryəm mənə deyir ki, əməlli-başlı sizi satdılar.

 

Sizə Nazim İbrahimovun borcu nə qədərdir?

150 minə yaxın. 24 ay ofisin pulunu öz cibimdən vermişəm. Mənim maaşım 3 min, Fikrətinki isə 850 manat idi. Avropa Oyunlarından sonra Nazim İbrahimov mənə, Fikrətə və Səbinə Mikinaya - hərəmizə 5 min manat verəcəyinə də söz vermişdi, amma vermədi. Hətta 2015-ci ilin dekabrında Nazim Murad adlı mühafizəçisi vasitəsilə gəlib məndən 1 həftəyə qaytarmaq şərti ilə 2 min manat borca pul alıb, qaytarmayıb. Halbuki Nazimin 4 mərtəbəli evi var. Həmin borcun üstündən il keçdi. Axırda götürüb bunu "Feysbuk"da yazdım. Dedi, orda yazmağınız düz deyil axı. Bir dəfə cibindən həmin 2 min manatın əvəzinə 1000 avro verib ki, daha sosial şəbəkədə bu haqda yazmayım...

 

Avqustun 1-də ofisin qapısını bağladıqdan sonra deyəsən, Asəf Məlikov açarları sizdən xəbərsiz dəyişdirib...

Bəli. Hətta Məryəm Bağbanlı da deyib ki, mənim orda əşyalarım var, qapının qıfılını niyə dəyişmisən. Nə var, nə var bu Asəf baş katib olacaqmış. Görürsünüz, nə qədər nanəcib adamlar var...

 

Bu seçkidən sonra Nazim İbrahimovla və ya Milli Olimpiya Komitəsinin vitse-prezidenti Nazim İbrahimovla əlaqə saxlamısınızmı?

Mən bu gün Çingiz Hüseynzadənin də yanında olmuşam. Nazirin yanında ola bilmədim, getmişdi. Bir şey də avqustun 7-dəki iclasla bağlı yadıma düşdü. Nazim mənə camaatın yanında deyir ki, məni öldürəcəksən. Dedim, mən elə şey desəm, sözümün arxasında dururam. Mən şirəm, siz isə çaqqal. Sizi nəinki federasiyadan, hətta Diasporla İş üzrə Komitədən də qovduracağam. Bu gün isə mənə çatdırıblar ki, nazirə zəng vurub ki, Yaşar deyir, səni öldürürəm. Gör necə insandır e...

 

Sizin təbirinizcə desək, bu postdan birləşib sizi çıxartdılar. İndi nə etmək fikriniz var?

Əslində mən istəmirdim ki, qalam. Ancaq indi bunların acığına əlimdən gələni edəcəyəm ki, Nazim ordan qovulsun. Ölkə prezidenti məni yaxşı tanıyır, gec-tez onun qəbuluna düşəcəyəm. O bilir ki, mən əli əyri adam deyiləm... Nazim İbrahimov 10 il bu idmanın evini yıxıb, hələ daha 4 illiyə də seçilib. Mən bunu belə qoymaram. Hər şey edəcəyəm ki, ölkə prezidentinin qəbuluna düşüm.

 

Mənbə: ProSport