"Çox ciddi toplanışı arxada qoyduq"

ESTAFET/ Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət Azərbaycan millilərinin baş məşqçisi Evren Alkaya federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Mütəxəssis 10 günlük hazırlıq prosesinin bu gün başa çatdığını xatırladıb:

"Səhərlər məşq, axşamlar yoxlama oyunları keçirdik. Bu müddətdə 15 matç oynadıq, 1-də məğlub olduq. Həmin görüş də başabaş mübarizə mübarizə şəraitində keçdi. Bundan əlavə, İstanbul çempionu "Qalatasaray"ı məğlub etdik. Üz-üzə gəldiyimiz bütün komandalar İstanbul A Liqası təmsilçiləri idi. Bursa və Sakaryanın çempionları ilə də qarşılaşmışdıq. Komandamızın səviyyəsini gördük. Çox ciddi toplanışı arxada qoyduq".

Evren Alkaya yoxlama görüşlərinin əhəmiyyətli olduğunu vurğulayıb:

"Bizə çox faydalı oldu. Gələcəkdə planladığımız U-14 kollektivi ilə başqa oyun keçirdik. Onların da uğuruna şahidlik etdik. Uşaqları hazırlaşdırmağa davam edəcəyik. Toplanışı peşəkarlıqla başa vurduq. Bizə bu şəraiti yaratdıqları üçün federasiya rəhbərliyinə təşəkkür edirik".

Müəllif: Məsim MƏSİMZADƏ