Dina Ulyanova: “İkinci titulu qazanmağa çalışacağıq - Sumqayıtda oynamaq mənim üçün çox xüsusi hissdir”

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin hücumçusu Dina Ulyanova Sumqayıtda keçirilən Qadınlar üzrə Dünya Seriyasının 10-cu mərhələsində komandanın 1/4 finala yüksəlməsini şərh edib. Azərbaycan millisi A qrupunda Çexiya (20:12) və Slovakiya (21:8) komandaları üzərində inamlı qələbələr qazanaraq növbəti mərhələyə adlayıb.

Ulyanova bildirib ki, bu turnir əsasən Avropa Kubokuna hazırlıq xarakteri daşıyır:

“Bu yarış ilk növbədə komandamız üçün Avropa Kubokuna hazırlaşmaq baxımından vacibdir. Əsas məqsədimiz Dünya Seriyasının ümumi sıralamasında ilk səkkizliyə daxil olmaq və nəticədə final mərhələsinə vəsiqə qazanmaqdır. Bu baxımdan, hər oyun bizim üçün önəmlidir.”

O qeyd edib ki, əvvəlki mərhələlərdən birində çempion olduqları üçün bu uğuru təkrarlamaq üçün motivasiyaları böyükdür:

“Əvvəlki seriyalardan birində qalib gəlmişik və bu seriyanı davam etdirmək istəyirik. Əsas hədəfə doğru addımlayırıq və bu yolda qazandığımız uğurlar bizim üçün əlavə motivasiyadır.”

Komandanın turnirdəki ilk iki oyundakı təsirli çıxışı barədə danışan idmançı bunun həm hazırlıq səviyyəsini, həm də rəqiblərlə fərqi göstərdiyini deyib:

“İki matç keçirdik və komanda kifayət qədər yaxşı görünür. Bu, hazırlığımızın yüksək səviyyədə olduğunu göstərir. Bəziləri rəqiblərin zəif olduğunu düşünsə də, mən həmişə deyirəm ki, 3x3 basketbolda zəif komanda olmur. Hər oyuna maksimum konsentrasiya ilə çıxmalıyıq.”

Qarşıdakı mərhələ və güclü rəqiblərlə bağlı suala cavab verən Ulyanova qeyd edib ki, komanda heç kimdən qorxmur, hər oyuna fərdi taktika ilə hazırlaşır:

“Hazırda 1/4 finaldayıq və sabahkı rəqibimiz məlum olanda strategiyamızı müəyyənləşdirəcəyik. Amma rəqiblər Azərbaycan millisinin ikinci titul qazanmasına imkan verməmək üçün bütün gücləri ilə çalışacaqlar. Biz isə daha çox çalışacağıq.”

“Heç bir rəqibdən çəkinmirik. Sadəcə, hər komandanın öz oyun üslubu var. Məşqçilərimiz hər oyun öncəsi bizə xüsusi video analiz təqdim edir və ona uyğun taktiki dəyişikliklər edirik. Qorxmuruq – sadəcə adaptasiya olub qalib gəlməyə çalışırıq.”

Müsahibənin sonunda Dina Ulyanova turnirin keçirildiyi Sumqayıt şəhəri ilə bağlı şəxsi xatirələrini bölüşüb:

“Sumqayıtda ilk dəfə çıxış edirəm, amma bu şəhər mənim üçün yad deyil. Uşaqlığımda nənəmlə burada yaşamışam. Ona görə də buraya uzun illər sonra qayıtmaq mənim üçün çox xüsusi hisslər doğurur. Hazırda Bakıda yaşayıram, amma bu şəhərdə babam və nənəm uzun illər yaşayıb. Təəssüf ki, bu gün onların evini ziyarət etməyə vaxtım olmadı, amma ümid edirəm ki, sabah bu arzumu gerçəkləşdirəcəyəm. Bu səbəbdən burada çempionluq qazanmaq mənim üçün həm də şəxsi baxımdan böyük əhəmiyyət daşıyır.”

Müəllif: Bəhruz MƏMMƏDOV