YENİYETMƏ TAEKVONDOÇULAR DÇ-YƏ YOLLANDILAR
ESTAFET/ Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində yeniyetmə taekvondoçuların dünya birinciliyi keçiriləcək. Sayca 3-cü olan birincilikdə yığma komandamız da iştirak edəcək. Bu məqsədlə yeniyetmələdən ibarət milli yığma komandamız bu gün Misirə yollanır. Yarış 24 avqust tarixində başlanacaq və 4 gün davam edəcək.
9 idmançı ilə mundialda təmsil olunacaq komandamızın heyətində oğlanlardan Nihad Əlizadə (33 kq), Riyad Şirəliyev (37 kq), İsmayıl İsmayılov (41 kq), Yaşar Məmmədli (45 kq), Nihad Abbasov (49 kq) və Pərviz İskəndərov (53 kq) yer alıb.
Qızlardan isə Aydan Əliyeva (44 kq), Aylin Eynullayeva (47 kq) və İlahə Quluzadə (59 kq) mübarizəyə qatılacaq.
Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbəliyi ilə dünya birinciliyinə qatılacaq komandamız vətənə avqustun 29-da dönəcək.
Yarışda hakimlər qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Elşad Məmmədov təmsil edəcək.