"Bakı indiyə qədər səfər etdiyim şəhərlərin arasında ən yaxşılardandır" Jihyeon Keum

Mükafatlandırma mərasimindən sonra Jihyeon Keum fikirlərini dilə gətirib:

“Qızıl medal qazandığıma görə hədsiz sevincliyəm. Sona yaxın rəqiblərimin hər ikisi Çindən olsalar da, mən onları düşünmürdüm. Bütün diqqətimi atış meydanına yönəltmişdim.

Bu gün medalları Koreya və Çin atıcıları qazandı. Bunun başlıca səbəbi təlimlər və yarışlar zamanı diqqətimizi atış nöqtəsinə lazımınca kökləməyimizlə bağlıdır. Koreyadakı məşqlərdə zallarda eyni buradakı mənzərə yaradılır ki, özümüzü rəsmi yarışlarda hiss edirik. Bunun da müəyyən rolu var”.

24 yaşlı atlet ölkəmizdə gördüklərindən məmnunluğunu gizlətməyib:

“Üçüncü dəfədir Bakıdayam. Səmimi deyirəm, Bakı indiyə qədər səfər etdiyim şəhərlərin arasında ən yaxşılardandır. Bakı Atıcılıq Mərkəzi də mənim üçün rahatdır. Mərkəz çox yaxşı inşa olunub, bütün detallar nəzərə alınıb”.

Müəllif: Bəhruz MƏMMƏDOV