"Bürünc medalı əla adlandıra bilmərəm" Lukas Bernar Denis Kriz

Bürünc medalın sahibi fransalı Lukas Bernar Denis Kriz final barədə çıxışında Bakı Atıcılıq Mərkəzinin dünyada ən yaxşı qurğu olduğunu gizlətməyib:

“Mənim üçün xoş gündür. Bürünc medalı əla adlandıra bilmərəm. Daha yaxşısını edə bilərdim. Çinli rəqiblərim bu gün sözün hər mənasında möhtəşəm idi.

Üçünçü yer uğrunda mübarizədə Finlandiyadan olan atıcı ilə xallarımızın bərabərə qalması, əlavə atışlara ehtiyac duyulması və həmin məqamda üstünlük göstərməyim ümidimi artırmışdı. Lakin artıq gec idi. Çünki çinlilər xal fərqini artırmışdılar.

Buradakı atəş meydanları əladır. Mənə görə dünyanın ən yaxşı mərkəzidir. Xüsusən final zalından hədsiz zövq alıram. Bu, Azərbaycana dördüncü səfərimdir. Bakıda özümü olduqca rahat hiss edirəm”.

Müəllif: Bəhruz MƏMMƏDOV