Ruzanna Məmmədova Bakıda bürünc medal qazandı

Güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Yarışın 4-cü günündə qadın güləşi üzrə 50, 55, 59, 68 və 76 kq-da qaliblər müəyyənləşib.

Şəhanə Nəzərova (50 kq) 1/4 finalda belaruslu Natalya Varakinaya (0:10), təsəlliverici görüşdə isə slovakiyalı Kristina Basixə (0:10) uduzub.

Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində moldovalı Mihaela Samoilə 5:8 hesabıyla məğlub olub.

Ruzanna Məmmədova (59 kq) 1/4 finalda belaruslu Alesiya Hetmanavaya minimal fərqlə məğlub olub – 3:4. Ancaq 17 yaşlı güləşçimiz təsəlliverici görüşdə çexiyalı Anna Mixalkovaya, bürünc medal uğrunda qarşılaşmada isə rumıniyalı Ana Mariya Puiuya “tuş”la qalib gələrək debüt etdiyi U-23 Avropa çempionatında fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Ruzanna Məmmədova çıxışı haqqından bunları deyib: “Bu yarışda finala çıxmağı gözləyirdim. Sadəcə, ilk görüşdə təcrübəsizlik üzündən 1 xal fərqini aradan qaldıra bilmədim. Allaha çox şükürlər olsun, ruhdan düşmədim. Öncə təsəlliverici, sonra 3-cü yer uğrunda qarşılaşmada tam üstünlüklə qalib gəldim. Təbii, mənə də xoşdur ki, 17 yaşımda 23-yaşlılar arasında Avropa çempionatında fərqləndim. Mənim üçün bu bürünc medal böyük qələbədir. Bundan sonra U-20 Avropa çempionatına hazırlaşacağıq. Məşqlərdə səhvlərin üzərində işləyib, inşallah, o yarışdan vətənə qızıl mükafatla dönəcəyəm. Bu yaxınlarda İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat turnirinə də tam hazır idim. Təəssüf ki, təcrübəsizlik məni geri atdı. Özümdən xeyli yaşda böyük Avropa və dünya çempionları ilə qarşılaşdım. İlk mərhələni keçsəm də, növbəti mərhələdə yenildim. Qismət. İnşallah, 2028 Olimpiadasına vəsiqə qazanacağam”.

Müəllif: Natiq NƏSİROV