Red Bull Yağlı Dirək yarışının qalibləri bəlli oldu

ESTAFET/ Red Bull Yağlı Dirək yarışında iştirak edənlər dənizə doğru uzanan 10 metrlik yağlı dirəyin üstündə qaçaraq, dirəyin ucunda olan bayrağı götürməyə çalışdılar. Çox asan səslənsə də, dirəyin başdan-başa yağlı olması ucunda olan bayrağa gedən yolu çox çətin edir.

İyulun 21-də Pirallahı adasındakı Nərəkənd parkında keçirilən Red Bull Yağlı Dirək yarışında əvvəlcədən qeydiyyatdan keçmiş 150 ən cəsarətli iştirakçı yağlı dirəyin üstündə əsas mükafat uğrunda mübarizə apardı. Belə ki, 1-ci yerin sahibinə 1000 AZN, 2-ci və 3-cü yerlərin sahibinə isə uyğun olaraq 500 AZN və 250 AZN pul mükafatları nəzərdə tutulmuşdu. 

Nəticədə bayrağı götürən ilk şəxs Xəyal Kərimov, bunu ikinci dəfə təkrarlayan Musa Hüseynov və son olaraq bayrağı götürə bilən işitrakçı İspaniya vətəndaşı Kevinth Cardona olub. Yarışın sonunda hər üç iştirakçı söz verilmiş pul mükafatları və tərəfdaşlardan hədiyyələrlə təltif olunub.

Red Bull Yağlı Dirək yarışının qaydaları çox sadədir. 10 metrlik yağlı dirəyin üstündə qaçmaq və dirəyin sonunda olan bayrağı götürmək lazımdır.

Xəzərin sahilində, suyun üzərində yerləşən yağlı dirəyin sonuna kimi yıxılmadan qaçan və bayrağı götürən iştirakçı qalib olur.

Red Bull Yağlı Dirək nədir?

Ölkəmizdə artıq ikinci dəfədir ki, keçirilən Red Bull Yağlı Dirək yarışının tarixi Türkiyənin müxtəlif şəhərlərində təşkil olunan “Dənizçilik və Kabotaj” bayramına gedib çıxsa da, hazırda bu ənənə daha çox dəniz mövsümündə insanlara əyləncəli və uzun müddət yaddaşlardan silinməyəcək xatirə bəxş etmək üçün davam etdirilir.

Müəllif: Bəhruz MƏMMƏDOV