Qonaqlar şəhərimizin gözəlliklərindən və tarixindən məmnun qalıblar

Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında keçirilən “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə yekun vurulub. İki gün davam edən yarış çərçivəsində ölkəmizdə səfərdə olan idmançılar üçün Bakı şəhərinin müxtəlif yerlərinə maraqlı turlar təşkil olunub. Qonaqlar Heydər Əliyev Mərkəzini, İçərişəhəri, Qız Qalasını, Hərbi Qənimətlər Parkını və şəhərimizin bir sıra tarixi abidələrini ziyarət ediblər.

Yarışlarda iştirak edən idmançılar Bakı şəhərinin mədəni və tarixi məkanlarını tanımaq imkanı əldə ediblər. Qonaqlar, şəhərimizin gözəlliklərini və qədim tarixini yaxından tanımaqdan məmnun qalıblar. “Üzgüçülük hamı üçün” layihəsi yalnız idman deyil, həm də mədəniyyətlərarası əlaqələrin gücləndirilməsinə töhfə verən bir tədbir kimi əhəmiyyət kəsb edir.

Müəllif: Bəhruz MƏMMƏDOV