Azərbaycanın Kamandan Oxatma üzrə Çempionatı: İdman nailiyyətləri mədəni ənənələrlə birləşir!

23-25 avqust 2024-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək. Yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq titulu uğrunda mübarizəyə qoşulacaq.

Bu çempionat yalnız ölkənin ən yaxşı oxçularını müəyyən etməklə yanaşı, həm də qədim ənənələri özündə yaşadan oxatma sənətinin inkişafı və qorunması, millətin idman əzminin möhkəmləndirilməsinə əhəmiyyətli bir töhfə verəcək.

Kişi və qadın idmançılar üç kateqoriya üzrə yarışacaqlar: 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə).

Yarışın proqramına əsasən, avqustun 23-də məşq sessiyaları ilə başlayan çempionat 24 avqust tarixində açılış mərasimi və sıralama atışları ilə davam edəcək. Nəhayət, oxatanların 1/4 final mərhələsindən finala qədər davam edəcək mübarizəsinə avqustun 25-də yekun vurularaq, qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.

Federasiya oxatma idman növünün daha geniş auditoriya tərəfindən sevilməsi və bu sahədə maarifləndirmə səviyyəsinin yüksəldilməsi missiyasını davam etdirərək, bütün idmansevərləri yarışları izləməyə dəvət edir.

Üç gün davam edəcək turnir 23 avqust saat 10:00-da Əhəd Yaqubov küçəsi, 15 ünvanında yerləşən Avropa Oyunları Parkında (Dənizkənarı Milli Park) baş tutacaq (giriş sərbəstdir).

Tədbirlərin proqramı və digər yeniliklər barədə ətraflı məlumatı Federasiyanın rəsmi internet səhifəsi (archery.az) və sosial şəbəkə hesablarında (@archery.aze) da izləmək mümkündür.

Müəllif: Bəhruz MƏMMƏDOV