Yeniyetmə cüdoçumuz ikiqat dünya çempionu olub
Perunun paytaxtı Limada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürüb. İlk gündə Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxıb. 50 kq və 55 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Məhəmmədəli Hüsiyev ilk görüşündə italiyalı Tomas Qidoni (İtaliya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti görüşünü Aksel Kuqa (Fransa) qarşı keçirib. Qələbə qazanan Məhəmmədəli yarımfinala yüksəlib. Bu mərhələdə Aleksey Toptıginə (AİN) uduzan Hüsiyev bürünc uğrunda Karlos Filyo (Braziliya) ilə yarışıb və qələbə qazanaraq fəxri kürsüdə yer alıb.
İlk mərhələdən azad olan Bahadır Feyzullayev Aleksey Toptıginlə (AİN) qarşılaşıb. Görüş rəqib cüdoçunun qələbəsi ilə yekunlaşıb.
Nihad Məmişov mübarizəyə 1/16 finalda qoşulub və onun rəqibi Amir Temirbayev (Kanada) olub. Çempionata qələbə ilə başlayan Nihad 1/8 finalda Yan Kolondra (Polşa), 1/4 finalda isə Botond Kunyikə (Macarıstan) qalib gəlib. O, finala gedən yolda Ukraynanı təmsil edən azərbaycanlı Xəzər Heydərova qalib gəlib. Cüdoçumuz həlledici döyüşdə Bat-Enerel Batbileglə (Monqolustan) qarşılaşıb. Rəqibini məğlub edən Azərbaycan cüdoçusu qızıl medala sahıb çıxıb. O, bununla da ikinci dəfə dünya çempionu tituluna yiyələnib.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 1-də yekun vurulacaq.