İKİNCİ MEDAL DA GÜMÜŞ OLDU: DÇ-2017

ESTAFET/ Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Dünya çempionatı davam edir.

 

Azərbaycan yığması mundialda ən güclü heyəti ilə təmsil olunur. Yığma komandamızın heyətində 17 cüdoçu yer alıb. Kişilərdə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Tural Səfquliyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq), Uşangi Kokauri (+100 kq), qadınlarda isə Leyla Əliyeva, Bazarraqça Erdenebat (48 kq), Nəzakət Əzizova, Buyanxişiq Purevsuren (52 kq), Səkinə Zayirova, İçinxorlu Munxstedev (57 kq), Gülsədəf Kərimova (63 kq) və İrina Kinderska (+78 kq).

 

Mundialın 3-cü yarış günündə mübarizəyə 4 cüdoçumuz qoşulub. Qadınların mübarizəsində 57 kq çəki dərəcəsində Səkinə Zayirova və İçinxorlu Munxtsedev ilk mərhələdə müvafiq olaraq, Viktoriya Majorosova (Slovakiya) və Jayon Equsoain (İspaniya) ilə görüşlərdən məğlub ayrılaraq mübarizəni dayandırıblar.

 

Kişilərin mübarizəsində 73 kq çəki dərəcəsində yığma komandamızın liderləribdən Rüstəm Orucov və Hidayət Heydərov tatamiyə çıxıb. Rüstəm ilk görüşündə Kosova təmsilçisi Akil Qyakovanı ipponla məğlub edib. İkinci qarşılaşmada fransız Pyer Dupratı vazari ilə keçən Rüstəm 1/8 finalda tacik Bəhruz Xocazadəni ipponla məğlub edib. 1/4 finalda isə çinli Sayinjiriqala Rüstəmin ippon fəndi qarşısında aciz qalıb və titullu cüdoçumuz yarımfinala adlayıb. Burada Cənubi Koreya təmsilçisi Çanqrim Anla görüş 31 saniyə davam edib. Rüstəm ipponla qalib gələrək finala çıxıb. Digər yarımfinal görüşündə gənc cüdoçumuz Hidayəti məğlub edərək finala çıxan yapon Soiçi Haşimoto ilə final görüşü gərginliyi ilə yadda qalıb. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxta - "qızıl xal" sisteminə keçilib. Daha aktiv olan Soiçi qızıl, Rüstəm isə gümüş qazanıb.  

 

Hidayət Heydərov ardıcıl olaraq, Əhməd əl-Məziati (Mərakeş) və Aleksandru Raykunu (Rumıniya) ipponla məğlub edərək 1/8 finala çıxıb. Burada kubalı rəqibi Maqdiel Estradanı vazari ilə məğlub edən gənc cüdo ulduzumuz növəti mərhələyə adlayıb. Bu mərhələdə rus Denis Yartsevi ippona salan Hidayət adını yarımfinala yazdırıb. Yarımfinaldakı rəqibi yapon Soiçi Haşimotoya məğlub olan Hidayət 3-cü yer uğrunda monqol Odbayar Qanbaatar ilə qarşılaşıb. Təssüf ki, məğlub olan Hidayət mundialı mükafatsız tərk edib.