TeamGym üzrə 15-ci Avropa Çempionatı coşqusu sona çatdı

16-19 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçirilən TeamGym üzrə 15-ci Avropa Çempionatının final mərhələsi başa çatdı. Dörd günlük yarışların sonunda, həm gənclər, həm də böyüklər kateqoriyası üzrə qaliblər müəyyənləşdi. Yarışlar hər kəs üçün həyəcan dolu anlarla yadda qaldı.
Finalda 6 gənc qadınlar komandası, 5 gənc qarışıq komanda, 5 gənc kişilər komandası, 6 böyük qadınlar komandası, 6 böyük qarışıq komanda, 6 böyük kişilər komandası olmaqla, ümumilikdə, 34 komanda mübarizə apardı.

İlkin final mərhələsində gənclər kateqoriyası üzrə qaliblər açıqlandı. Bu kateqoriyada Danimarka, İsveç qızıl və gümüş, İslandiya qızıl və bürünc, Norveç və Böyük Britaniya komandaları isə bürünc medal sahibi oldular.

İkinci final günündə böyüklər kateqoriyası üzrə qaliblər mükafatlandırıldı.
Bu kateqoriyada isə İslandiya və Danimarka qızıl, İsveç gümüş və bürünc, Norveç bürünc, Böyük Britaniya komandaları isə gümüş medal qazandılar.

Ümumi finaldan dərhal sonra, TeamGym üzrə 15-ci Avropa Çempionatı boyunca ən çox fərqlənən gimnastlar fərdi olaraq mükafatlandırıldı. İsveç milli komandasının dörd, Danimarka milli komandasının beş, İslandiya milli komandasının iki, Norveç milli komandasının bir gimnastı “All-Stars” mükafatına layiq görüldü. 

Avropa Çempionatının və Azərbaycan Gimnastika Federasiyasının qlobal tərəfdaşı SmartScoring qeyri-adi hekayəsi olan, idmançılar və ümumi ictimaiyyət üçün bir ilham mənbəyinə çevrilən gimnastları mükafatlandırdı. SmartScoring-in baş direktoru Kamran Ramazanov “SmartScoring Shooting Star” mükafatını qadınlar arasında İsveç milli komandasından Aqnes Arvidsona, kişilər arasında isə Portuqaliya milli komandasından Jo Peixinoya təqdim etdi.

Bağlanış mərasimindən öncə Azərbaycan Taekvondo Federasiyasının təmsilçiləri xüsusi şou ilə maraqlı çıxış etdilər.

Sonda Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Avropa Gimnastikasının bayrağını Avropa Gimnastikasının prezidenti cənab Fərid Qayıbova təqdim etdi. Fərid Qayıbov isə öz növbəsində bayrağı Finlandiya Gimnastika Federasiyasının texniki direktoru Solisma Soniaya təqdim edərək TeamGym üzrə növbəti Avropa Çempionatının 2026-cı ildə Finlandiyanın Espoo şəhərində keçiriləcəyini bildirdi.
Bununla da, bağlanış mərasimi başa çatdı.

Yarış müddətində idmançılar kimi tamaşaçılar da birlik nümayiş etdirdilər. Tamaşaçılar dəstəklədikləri komandayla eyni forma geyinərək tribunada möhtəşəm əhvali-ruhiyyə yaratdılar. Komandalarla azərkeşlərin ortaq coşqusu bütün yarış boyu komanda ruhunu və həmrəyliyini ön plana çıxardı. Tamaşaçıların dəstəyi idmançılara əlavə güc verdi və yarışı daha yaddaqalan etdi.

Son olaraq, ölkəmizə gələn bütün nümayəndələr, idmançılar və tamaşaçılar Bakının, Milli Gimnastika Arenasının çox gözəl və müasir olduğunu, insanların çox səmimi və qonaqpərvər davrandığını vurğuladılar. Həmçinin gimnastika sahəsinə xüsusi önəm verildiyini və yarışın çox yüksək səviyyədə keçirildiyini qeyd etdilər.

Çempionat boyunca Avropa Gimnastikasının maskotu “Luigi” də həm idmançılara dəstək olub, motivasiya etdi, həm də tamaşaçılarla əyləncəli müsabiqələr keçirdi.

Çempionları təbrik edirik və onlara növbəti yarışlarda uğurlar arzulayırıq!

Müəllif: Bəhruz MƏMMƏDOV