AYXAN PREMYER LİQANIN QALİBİ OLDU

ESTAFET/ Karate üzrə Azərbaycan milli komandasının liderlərindən Ayxan Mamayev (-84 kq) Almaniyanın Leypsiq şəhərində Premyer Liqa turnirinin qalibi olub. O, Dünya Karate Federasiyasının (WKF) nüfuzlu Karate 1 seriyasından olan yarışda 7 görüş keçirib.


Ayxan Jang Min Soo (2:0, Cənubi Koreya), Limon Kanedo (5:0, Meksika), Georgios Çanos (Yunanıstan, 4:3), Vu Çun-Vey (4:0, Taypey) İlya Qranovesov (2:1, Rusiya), yarımfinalda isə Valeri Çobatarla (2:2, Macarıstan) görüşlərini qələbə ilə başa vurub. Finalda daha bir Rusiya idmançısı, azərbaycan əsilli Aleksandr Əliyevlə görüş isə karateçimizin 6:0 hesablı tam üstün qələbəsi ilə başa çatıb.


Ayxan Mamayevin mövsümün son Premyer Liqa turnirində bu qızıl medalı, onun dünya reytinq cədvəlinin ikinci pilləsindəki mövqeyini daha da möhkəmlədib. Maliyyə çətinliyi üzündən milli komandanın digər üzvləri Almaniyada mötəbər yarışda iştirak edə bilməyiblər. Premyer Liqada 87 ölkədən 1384 idmançı mübarizə aparıb.