"Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb
Yanvarın 10-da "Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kuboku yarışlarına start verilib. Yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir və 10-13 yanvar tarixlərini əhatə edir.
Bu gün idmançılar sprint yarışı üzrə mübarizə aparacaqlar. Yanvarın 11-də vertikal, yanvarın 13-də isə fərdi yarış növləri üzrə idmançılar qüvvələrini sınayacaqlar.
Turnirdə 26 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andorra, İspaniya, Almaniya, Fransa, İran, Qazaxıstan və digər dövlətlərdən 130-a yaxın idmançı iştirak edir. Yarış iştirakçıları arasında Fərdi Neytral İdmançılar (AİN) da yer alıb.
Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab olunur.