Xizək Alpinizmi üzrə Dünya Kubokunun Şahdağda keçirilməsi qürurverici haldır

İlk dəfə olaraq Xizək Alpinizmi üzrə Dünya Kubokunun Şahdağda təşkil edilməsi böyük qürur hissi doğurur.

Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova turnirin açılış mərasimindən sonra jurnalistlərə açıqlama verib.

Günel Bədəlova yarışın beynəlxalq əhəmiyyətini vurğulayaraq bildirib ki, Qazaxıstan və Qətərdən olan idmançılar ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Kubokunda iştirak edirlər:
“Turnirdə 26 ölkədən 108 atlet mübarizə aparır. Onlardan 36-sı qadın, 72-si isə kişidir. Ümid edirik ki, bu nailiyyətlə kifayətlənməyəcəyik və gələcəkdə daha mötəbər yarışlara ev sahibliyi edəcəyik. Artıq 2026-cı ildə Avropa çempionatının Azərbaycanda keçirilməsi üçün müraciət etmişik. Həmçinin 2027-ci ildə dünya çempionatına ev sahibliyi etmək hədəfimizdir”.

Qeyd edək ki, Dünya Kuboku, 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biridir.

Turnir Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Yarışa yanvarın 13-də yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV