"Heydər Əliyev Kuboku"nun əsas məqsədi qış idman növlərinin inkişafıdır - Rüstəm Nəcəfov

Artıq üçüncü ildir ki, ənənəvi olaraq təşkil olunan Heydər Əliyev Kuboku, qış idman növlərinin inkişafı və populyarlaşmasına mühüm töhfə verir. Turnirin əsas məqsədi dağ xizəyinə olan marağı artırmaq, bu idman növünü geniş kütlələrə tanıtmaq və "Şahdağ" Turizm Mərkəzinə turist axınını gücləndirməkdir.

innews.media xəbər verir ki, bu fikirləri "Şahdağ" Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, həvəskar xizəkçilər arasında keçirilən Heydər Əliyev Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında səsləndirib.

O, xüsusilə uşaqlar arasında dağ xizəyinə marağın artmasını müsbət qiymətləndirib:

"İldən-ilə bu idman növü ilə məşğul olan uşaqların sayı artır. Biz iki il əvvəl "Şahdağ" xizək klubunu yaratmışıq və hazırda klubun 28 üzvü var. Uşaqlar ilboyu intensiv məşqlər keçir və onları beynəlxalq yarışlara göndəririk. Artıq idmançılarımız Türkiyədə keçirilən iki nüfuzlu turnirdə iştirak ediblər. Ümid edirik ki, gələcəkdə peşəkar xizəkçilərimizin sayı daha da artacaq və Azərbaycan beynəlxalq arenada öz idmançıları ilə tanınacaq”.

Qeyd edək ki, Heydər Əliyev Kuboku Azərbaycanda qış idman növlərinin inkişafına xidmət edən ən mühüm tədbirlərdən biridir və hər il müxtəlif yaş kateqoriyalarında idmançıları bir araya gətirir.

Müəllif: Bəhruz MƏMMƏDOV