Badminton yığmamız son oyununda güclü rəqibə qarşı çıxdı

Bu gün badminton üzrə milli komandamız Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında son oyununa çıxıb.
İlk 2 görüşdə İngiltərə və İspaniya yığmalarına 2:3 hesabı ilə uduzan millimiz bu dəfə son Avropa çempionu, turnirin 1 nömrəli reytinq favoriti Danimarka seçməsi ilə qarşılaşıb. Oyun Danimarka yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qadınların şəxsi yarışında Keişa Fatimə Zəhra Lina Kyaersfeldetə 2:1 (17-21,21-11,23-21) hesabı ilə qalib gəlib. Bu Danimarkanın Avropa çempionatında 5 kateqoriyadan birində ilk məğlubiyyətidir. Danimarka daha öncə həm İspaniya, həm də İngiltərə millisinə 5:0 hesabı ilə qalib gəlib. Kişilərin şəxsi yarışında gənc badmintonçumuz Ülvi Hüseynov dünya ikincisi Anders Antonsenə 0:2 (8-21,4-21) hesabı ilə məğlub olub. Qadınların qoşa kateqoriyasında Leyla Camalzadə - Həcər Nuriyeva tandemi Nataşa Antonsen - Maiken Fruerqaard ikilisinə 0:2 (6-21,3-21) hesabı ilə məğlub olub.
Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov - Diki Pangestu qoşası Kim Astrup və Mads Vesterqaarda qarşı mübarizə aparıb. Oyun Danimarka təmsilçilərinin qələbəsi ilə başa çatıb - 0:2 (12-21, 8-21)
Qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva cütü Yesper Toft - Amalie Magelund ikilisi ilə üz-üzə gəlib - 0:2 (7-21, 8-21).
