Neftçala rayonunda Bədən tərbiyəsi və İdman Günü qeyd olunub

Neftçala Rayon İcra Hakimiyyətinin və Neftçala rayon gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala rayonunda 5 mart Bədən tərbiyəsi və İdman Günü qeyd olunub, idmançılar və onların müəllimləri ilə görüşülüb.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, Neftçala rayon gənclər və idman sektorunun rəhbərləri, idmançılar və onların müəllimləri iştirak edib.
İlk öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb və ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, dünyasını dəyişən idmançıların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il 5 mart tarixi ölkə ərazisində "Bədən tərbiyəsi və idman günü" kimi qeyd edilməkdədir. Bu əlamətdar tarixi günün 5 mart tarixində qeyd edilməsi təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri, mükafatçıları ilə görüşüb və İdman Fondunu təsis edib, həmçinin bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
RİH-in başçısı qeyd edib ki, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin bütün regionlarında, o, cümlədən doğma Neftçalamızda da idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasına zəmin yaradıb. Bildiyiniz kimi, 18 aprel 2023-cü il tarixdə ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Neftçala rayonuna tarixi səfərləri zamanı açılışı olan Neftçala Olimpiya İdman Kompleksinin açılışı olub. Bu Olimpiya İdman Kompleksində yeniyetmə və gənclərimizin hərtərəfli inkişafının təmin olunması, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün geniş imkanlar yaradılıb. Burada fəaliyyət göstərən idman bölmələri, məşq zalları, əhalinin asudə vaxtının səmərəli təşkili üçün zəruri yerlər insanlarımızın sağlam həyat tərzi üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu kompleks müxtəlif rayon və respublika əhəmiyyətli tədbirlərə də ev sahibliyi etmiş, bir sıra müsabiqə və yarışların təşkili üçün burada şərait yaradılıb.
Tədbirdə çıxış edənlər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər, Ölkə rəhbərinin idmana olan xüsusi diqqəti və qayğısı, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. Elə bunun nəticəsidir ki, idmançılarımızın dünya çempionatlarında, olimpiya oyunlarında uğurları getdikcə artmaqdadır. Azərbaycan idmanının ayrılmaz bir parçası olan Neftçala rayon idmançıları da yaradılan şəraitdən yararlanaraq respublika və dünya çempionatlarında idmanın müxtəlif növləri üzrə yüksək nailiyyətlər əldə edirlər.
Tədbirin sonunda bir qrup neftçalalı idmançılar fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunublar.
İdmançılar və onların müəllimləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyeva öz təşəkkürlərini, minnətdarlıqlarını bildiriblər.
