Azərbaycanlı gənc “Asiya Kuboku-2025”də qələbə qazanıb

Tacikistanda yaşayan gənc soydaşımız Nicat Əzimzadə Qazaxıstanın Şimkənd şəhərində keçirilən taekvondo üzrə “Asiya Kuboku-2025” beynəlxalq turnirində uğur qazanıb.

28 ölkədən 800-dən çox idmançının yarışdığı turnirdə soydaşımız Tacikistanı təmsil edərək həm fərdi, həm də komanda yarışlarında yüksək nəticə göstərib. O, komanda hesabında 2-ci yerin sahibi olub. Fərdi çıxışında isə 14–15 yaş kateqoriyasında 45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, Nicat Əzimzadə 2010-cu ildə Bakıda anadan olub, hazırda Düşənbə şəhərində yaşayır və 9-cu sinif şagirdidir. Gənc idmançımız daha əvvəl də bir sıra uğurlar imza atıb. Belə ki, o, Tacikistan üzrə keçirilən turnirdə 2-ci, Düşənbə şəhərində isə 1-ci yeri tutub. Nicat müxtəlif yerli və beynəlxalq yarışların medalçısıdır.

Azərbaycanlı gəncin bu uğuru diaspor nümayəndələri arasında böyük sevinc və qürur hissi ilə qarşılanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV