"Qələbəyə həmişə inanmaq lazımdır" Raziyə Seyidli

Lüksemburqda keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanan Raziyə Seyidli ilə müsahibəni təqdim edirik.
Raziyə, sizi qazandığınız uğur münasibətilə təbrik edirik. Özünüzə "qızıl medal qazanacağam" sözünü vermişdiniz və bu sözü yerinə yetirdiniz.
– Bəli, qarşımıza belə bir məqsəd qoymuşduq. Amma hələ iki proqramımız qalıb. Daha iki medal qazanacağımıza ümid edirik. Demək olar ki, artıq dördqat Avropa çempionuyuq.
Bu gün sizə heç kimin rəqib ola bilməyəcəyinə nə zaman əmin oldunuz?
– Qələbəyə inam bizdə hər zaman var, hansı şəraitdə olursa, olsun. Seçmə mərhələdə bütün gücümüzü ortaya qoyduq. Nəyə qadir olduğumuzu göstərdik.
Deməli, seçmə mərhələdən sonra uğuru artıq hiss edirdiniz?
– Yox, elə deməzdim. Biz sadəcə ən yaxşısı üçün çalışırdıq. Axırda istədiyimiz kimi alındı. Avropa çempionu olduq. Qələbəyə həmişə inanmaq lazımdır. Biz də inandıq.
