“Ən isti əlcəklər məndə idi” - məşhur azərbaycanlı qapıçı Şahruddin Məhəmmədəliyev - VİDEO

"PODKAT" layihəsində qonaq olarkən uşaqlıqda ilk dəfə qapıya keçdiyi anı belə şərh edib. Bu hadisə Dağıstanda, onun 10 yaşı olanda baş verib. Qapıçı qeyd edib ki, əvvəlcə cinah yarımmüdafiəçisi kimi oynayırdı. Qış vaxtı keçirilən bir oyunda komandaya qapıçı lazım oldu və məşqçi Şahrudini qapıya keçməyə çağırdı, çünki ən isti əlcəklər onda idi. Məhz bu taleyüklü hadisə onun qapıçı kimi karyerasının başlanğıcı oldu.
“Artıq dözə bilmirdim. Mən emosiyalarla oynayıram və bu mənim üçün çox çətin idi.” – Şahrudin Türkiyəyə köçünü bu sözlərlə izah edib. Bu qərarın səbəblərindən biri UEFA Çempionlar Liqasının təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv” ilə oyundaki məğlubiyyət olub. O vaxt məsul oyunlarda yol verdiyi səhvlərə görə sərt tənqidlərə məruz qalıb.
2023–2024 mövsümünü o, “Adana Dəmirspor” klubunun heyətində keçirib və məşhur futbolçu Mario Balotelli ilə birlikdə oynayıb. Şahruddin Balotelli ilə bağlı təəssüratlarını “Əyləncəli” sözü ilə ifadə edib. O qeyd edib ki, Balotellinin əhvalı çox dəyişkən idi – bir gün məşqə gəlib hamı ilə zarafat edirdi, növbəti gün isə aqressiv ola bilərdi, əsəbindən topa vurub çıxıb gedərdi. Amma ertəsi məşqdə yenidən gülümsəyərək qayıda bilərdi.
“Tarixdə ən sevdiyim qapıçı – Lev Yaşindir.” – bu sözlərlə Şahrudin öz kumir qapıçılarından ibarət beşliyini sadalamağa başlayıb. O, xüsusilə alman qapıçı Manuel Noyeri qeyd edib, onun qapıçılıq nəzəriyyəsinə böyük töhfə verdiyini və qapıçı oyununda yeni bir üslub yaratdığını vurğulayıb.
“Bu oyun deyildi, bu bizim üçün müharibə idi” – Şahruddin Məhəmmədəliyev 2020-ci ildə Polşanın “Legiya” klubuna qarşı keçirilən oyunu belə xatırlayır. Bu qarşılaşma onun karyerasında ən əlamətdar və yaddaqalan oyun olub. UEFA Avropa Liqasının təsnifat mərhələsində baş tutan həmin oyun İkinci Qarabağ müharibəsinin ilk günlərinə təsadüf etmişdi. Baş məşqçi Qurban Qurbanov komandaya elə bir ruh vermişdi ki, onlar rəqib meydanında oynasalar da, məğlubiyyət qeyri-mümkün idi. Həmin unudulmaz oyun “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Söhbətin sonunda Şahruddin məşqçi Qurban Qurbanov ilə olan bir dialoqunu xatırlayıb. Bu söhbət o dövrə təsadüf edib ki, Şahrudin əsas heyətə düşə bilmirdi və uzun müddət ehtiyat oyunçular skamyasında qalırdı, komandadan ayrılmağı düşünürdü.
“Mən onun ən çox cəsarətini bəyənirəm, sözünün üstündə durur” – deyə "PODKAT" layihəsinin qonağı Qurban Qurbanovu xarakterizə edib.
Verilişin tam versiyasına baxa bilərsiniz:
