Lando Norris Macarıstan Qran-prisində qələbə qazandı - Ferstappen ilk onluqda güclə qərar tutdu

"McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub.
innews.media xəbər verir ki, onun komanda yoldaşı – avstraliyalı Oskar Piastri yarışı ikinci sırada başa vurub. Beləliklə, “McLaren” komandası üçün Macarıstan mərhələsi ikiqat podiumla yadda qalıb.
Üçüncü pillədə isə “Mercedes”in pilotu Corc Rassel qərarlaşıb.
Yarışın nəticələri dünya çempionları üçün uğursuz alınıb. Dördqat və hazırkı dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen yarışı yalnız 9-cu, yeddiqat dünya çempionu, “Ferrari”nin təcrübəli pilotu Lyuis Hemilton isə 12-ci yerdə başa vurub.
Ümumi sıralamada Oskar Piastri 284 xalla liderliyini qoruyur, Lando Norris isə 275 xalla ikinci pillədədir. Üçüncü yeri tutan Maks Ferstappenin isə 187 xalı var.
