GİMNASTIMIZ DÜNYA KUBOKUNUN BÜRÜNCÜNÜ QAZANDI

ESTAFET/ Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.

 

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bədii gimnastika üzrə milli yığmanın lideri, Azərbaycanı Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında təmsil edəcək Marina Durunda Milli Gimnastika Arenasında təşkil edilən yarışların bürünc medalına layiq görüldü.

 

Beynəlxalq yarışlarda onu dəfələrlə fəxri kürsüyə yüksəldən (İlk Avropa Oyunlarının gümüş, Avropa Çempionatının bürünc medalı) lentlə çıxışı FIG Dünya Kuboku finalında da Marinanı mükafatsız qoymadı. Lentlə final çıxışına görə o, hakimlərdən 18.500 xal alaraq 3-cü oldu.

 

Yarışlarda iştirak edən digər Azərbaycan təmsilçisi Jalə Piriyeva da uğurla çıxış etdi. Böyüklər proqramında bu ildən çıxış edən Jalə çoxnövçülükdə 14-cü oldu. Qeyd etmək lazımdır, istedadlı gimnast ilk dəfə olaraq dünya reytinqinə daxil olmuşdur.

 

Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celepdən ibarət Azərbaycan komandası isə qrup hərəkətləri üzrə yarışlarda 3 cüt gürzlər və 2 halqa və 5 lent ilə final çıxışlarına görə 5-ci yerlərə sahibləndilər.

 

Bakıda baş tutan Dünya Kubokunun finalında, həmçinin öncəki mərhələlərdə göstərilmiş ən yaxşı 4 nəticəyə əsasən birinci yeri tutan gimnastlar və qrupların xüsusi mükafatlandırma mərasimi keçirilmişdir.

 

Çoxnövçülükdə, fərdi çıxış proqramı üzrə Marqarita Mamun (Rusiya), qrup hərəkətləri proqramı üzrə Rusiya komandası Beynəlxalq Gimnastika Federasiyasının (FIG) mükafatına layiq görüldülər. Ayrı-ayrı alətlər – halqa, gürzlər və lentlə hərəkətlərin nəticələrinə əsasən Marqarita Mamun, topla hərəkətlərin nəticələrinə görə isə Aleksandra Soldatova (Rusiya) FIG-nin kubokuna sahib oldu.

 

Qrup hərəkətləri proqramı üzrə 5 lent və 3 gürzlər və 2 halqa ilə göstərilmiş nəticələrə əsasən, müvafiq olaraq Rusiya və Belarus komandası FIG-nin kuboku ilə mükafatlandırıldı.

 

Kubokda, həmçinin ən çox icra xalı olan gimnast və qruplar - Yana Kudryavtseva (Rusiya) və Rusiya komandası təşkilatçılar tərəfindən hazırlanmış AGF Trophy kuboku ilə təltif olundular.