“Qarabağ” möhtəşəm qələbə ilə Çempionlar Liqasında pley-off-a yüksəldi

ESTAFET/ UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ” Şimali Makedoniyanın “Şkendiya” klubunu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə vəsiqə qazanıb.
innews.media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab görüşündə Qurban Qurbanovun komandası rəqibini 5:1 hesabı ilə məğlub edib.
Matçda hesabı 10-cu dəqiqədə qonaqların futbolçusu Fabris Tamba açıb. Yalnız 5 dəqiqə sonra “Şkendiya”nın oyunçusu Klisman Sake avtoqol edərək hesabı bərabərləşdirib. Ardınca Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35) və Leandro Andrade (59) fərqlənərək “Qarabağ”a inamlı qələbə qazandırıblar.
Skopyedə keçirilən ilk oyunda da “Qarabağ” 1:0 hesabı ilə qalib gəlmişdi. İki görüşün nəticəsinə görə ümumi hesab 6:1 olub.
Bu nəticə ilə Ağdam təmsilçisi pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” artıq ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.
