Şahdağda “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürdü

Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb. Tədbirin açılış mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.

Turnirdə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan Respublikalarından müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı iştirak edir. Yarışda ölkəmizi Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma təmsil edir.

Turnirin ilk günündə idmançılar Dağ Xizəyinin Slalom növündə yarışaraq yüksək nəticə uğrunda mübarizə aparıblar.Yarışın nəticəsinə uyğun olaraq Gürcüstanla idmançı Nino Thklauri 1-ci yerə,İsveçli atlet Nikita Anner 2-ci yerə,Özbəkistanlı xizəkçi Kseniya Brejnaya 3-cü yerə sahib olublar.

Turnir çərçivəsində Qış İdman Növləri Federasiyası ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında əməkdaşlığa və gələcək layihələrə, o cümlədən qış idmanının Azərbaycanda tanıdılması və infrastrukturun yaradılması, idman tədbirlərinin keçirilməsi istiqamətində görülən işlərə dair brifinq təşkil olunub.

Qeyd edək ki, turnir yanvarın 10-a qədər davam edəcək. Növbəti günlərdə idmançılar Slalom və Qiqant Slalom növlərində birincilik uğrunda mübarizə aparacaqlar.

Müəllif: Bəhruz MƏMMƏDOV