MASSA FORMULA 1 KARYERASINI BİTİRİR

ESTAFET/ "Bildiyiniz kimi, ötən il Formula 1-də karyeramı bitirdiyimi elan etmişdim, lakin Williamsın istəyi ilə daha bir mövsüm keçirmək qərarına gəldim. Amma bu dəfə Braziliya və Əbu-Dabi Grand Priləri Formula 1-də mənim son yarışlarım olacaq. Ailəmə və bütün dostlarıma, bütün sponsorlara və azarkeşlərə mənə verdikləri əla dəstəyə görə təşəkkür edirəm".

 

Bu sözləri sosial şəbəkələrdə paylaşdığı videomüraciətdə Felipe Massa deyib və bununla da Formula 1 karyerasını bitirdiyini açıqlayıb. Lakin bu, 36 yaşlı braziliyalının motorsporlara vidalaşması demək deyil. O sonra əlavə edib: "Hər kəsə təşəkkür edirəm və inanıram ki, sizi İnterlaqos və Əbu-Dabi şəhərlərində görəcəm. Həmçinin, ümid edirəm ki, növbəti il və ya yaxın gələcəkdə digər kateqoriyalardakı  yürüşlərdə işturak etdiyim zaman mənə azarkeşlik edəcəksiniz. Biz hələ görüşəcəyik!"

 

8 noyabrda Sao Pauloda Braziliyanın Formula 1 veteranının karyerasını bitirməsi ilə bağlı mətbuat konfransı keçiriləcək. Massa Dünya çempionatında özünün 15-ci mövsümünü bitirdikdə, onun aktivində 269 Qran Pri startı olacaq. Bu yürüşlərdə o bugünədək 11 qalibiyyət, 16 poul qazanıb və 41 dəfə fəxri kürsüyə çıxıb. Son iki yürüşü də tam başa vuracağı halda, Massanın qət etdiyi ümumi məsafə 74 min kilometrdən artıq olacaq.