"Bu il işlər xeyli az olacaq" - Tom Butçer
ESTAFET/ Xəbər verdiyimiz kimi, artıq Bakı Şəhər Halqasında baryerlərin quraşdırılması işlərinə start verilib. BŞH-nin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer ötən yarışla müqayisədə növbəti yarışa hazırlıq işlərinin daha az vaxt aparacağını bildirib:
"Biz növbəti dəfə Formula 1 yarışına yüksək səviyyədə ev sahibliyi etmək üçün artıq tikinti-quraşdırma işlərinin aparılması üçün hazırlıqlara start veririk. Əldə etdiyimiz təcrübələr sayəsində hazırlıq işlərinə hər ötən il daha az vaxt sərf edirik. Bu il tikinti-quraşdırma işləri ötən illə müqayisədə xeyli az olacaq. Belə ki, Paddok binası hazır vəziyyətdədir və həmçinin bu il qənbər daşlı hissə başda olmaqla bütövlükdə trek boyunca yeni asfalt qatının salınmasına ehtiyac olmayacaq. Bundan başqa, yarış həftəsonu üçün nəzərdə tutulan bəzi yerüstü keçidlər də ötən yarışdan etibarən şəhər sakinlərinin istifadəsindədir. Digər tərəfdən çalışırıq ki, yarışa hazırlıq çərçivəsində gördüyümüz bütün işlərdə şəhər sakinlərinin rahat və fasiləsiz hərəkəti təmin olunsun. Fürsətdən istifadə edərək bütün paytaxt sakinlərini yenidən möhtəşəm Formula 1 yarışına ev sahibliyi etmək üçün birgə səy göstərməyə və qarşılaşılan çətinlikləri anlayışla qarşılamağa dəvət edirəm".