DÜNYA ŞAHMAT TACI BU MƏKANDA ÖZ SAHİBİNİ TAPACAQ

ESTAFET/ Xəbər verdiyimiz kimi, şahmat üzrə Dünya Çempionu adı uğrunda görüşlər Nyu York (ABŞ) şəhərində keçiriləcək. Lakin uzun müddətdi şəhərin bəlli olmasına baxmayaraq, görüşlərin keçiriləcəyi məkan hələ də müəyyənləşməmişdi. Hətta görüşlərin keçiriləcəyi şəhərin dəyişdirilməsi belə müzakirə olunurdu. Bunan səbəb kimi isə, amerikalıların gözləntilərinin doğrulmaması göstərilirdi. Belə ki, amerikalılar hazırki Dünya çempionu Maqnus Karlsenlə (Norveç) görüşə amerikalı şahmatçılardan birinin vəsiqə qazanacağına ümid edirdilər. Ancaq son İddialıların turnirində rus Sergey Karyakin turnirin qalibi oldu və Şahmat Tacı uğrunda görüşlərdə iştirak hüququ qazandı. Şəhərin dəyişdirilməsi müzakirələrinə rəvac verən səbəb kimi isə, Sergeyin Krimin Rusiya tərəfindən işğalını dəstəkləməsi göstərilirdi.

 

İndi isə məkan haqda. Nyu Yorkun tarixi rayonlarından biri olan South Street Seaport ərazisində yerləşən Fulton Market noyabrın 11-dən 30-dək dünya şahmatsevərlərinin diqqət mərkəzində olacaq. 200 il boyunca dünyanın ən böyük balıq bazarlarından biri 2005-ci ildən yenidən bərpa edilərək, yüksək səviyyəli restoranlar və əyləncə mərkəzləri olan məkana çevrilib. Təşkilatçılar turnirin keçiriləcəyi məkanı nəfis tərtib etmək üçün artıq bir neçə ilkin layihlər təqdim ediblər. Sizləri bəziləri ilə tanış edirik.

 

Qeyd edək ki, Dünya çempionatının büdcəsi 6 milyon dollar müəyyənləşdirilib. Bunun 1 220 000 dolları mükafat fondudur.